Təsisçisi “Gilan Holding” şirlkətlər qrupu olan "Aqro-Azərinvest" MMC 2004-cü ildə yaradılmışdır.
Müəssisənin əsas məqsədi Azərbaycan üzümçülük və şərabçılığının bu sahədə ən yeni dünya nailiyyətlərini nəzərə almaqla, keçmiş şöhrətini bərpa etməkdən ibarətdir.
Müəssisə öz fəaliyyətində müasir texnologiyanın tətbiqinə və Azərbaycan şərabçılarının ənənələrinə əsaslanaraq, üzümün yetişdirilməsindən başlayaraq yüksək keyfiyyətli şərab və konyak məhsullarının buraxılışınadək tam bir istehsal prosesini özündə birləşdirir.
Cəmiyyət uzunmüddətli proqrama uyğun olaraq, ənənəvi üzüm yetişdirilən bölgələrdə (Göygöl, Samux, Tovuz, Yevlax, Qəbələ, Lənkəran) yeni üzümlüklərin salınmasını həyata keçirir. Hazırda müəssisə 2000 hektara yaxın torpaq sahəsinə malikdir ki, bundan da 940 hektarında üzümlüklər salınmışdır. Bu sahələrdə Gürcüstandan gətirilmiş calaqlı texniki sortlar (Saperavi, Rkasiteli, Mtsvane, Aleksandrauli), Fransadan gətirilmiş (Cabernet Sauvignon, Cabernet Franc, Pinot Noir) eləcədə milli sortlar - Mədrəsə, Bayan Şirə, Ağ və Qara şanı əkilmişdir. Bundan başqa, Batır, Qara kişmiş, Ağ kişmiş, Çəhrayı tayfu kimi kişmiş və süfrə sortları da əkilmişdir.