«Möhtəşəm şərab
  gözəlliyin estetik hisslərinə
  yaxın olan möhtəşəm
  duyğular yaradır.
Onun özünün orijinal, bundan əlavə öz mənşəyi ilə birbaşa bağlılığı olan unikal xarakteri vardır. Onda əzəmət incəliklə uyğunlaşır»
Şərab içmək qaydaları
Beynəlxalq praktikada nahar zamanı şərab içmək məqbul sayılır. Bu, ən təbii və ən faydalı içkidir, xörək onunla daha dadlı, daha xeyirli olur. Şərab orqanizmdə müəyyən işlər görür, məsələn, ağızdakı dad hissiyatını gücləndirir, həzmi sahmanlayır, xörəyin kalorililiyini azaldır və s.

Nahar süfrəsində aşağıdakılar şərabın dadını qaçırır:

- tütün tüstüsü;
- kəskin qoxulu ədviyyat;
- sirkə;
- sitrus meyvələrin turşusu;
- yağlı balıq;
- vanil;
- nanə və s.

Bəzi qadağalar:
  • qırmızı şərabla balıq konservi və şokolad;
  • kəmşirin şərabla sirkəli tünd sous;
  • fransız şərabı ilə ketçup

    QƏTİYYƏN TUTMAZ!

    Yadda saxlayın:
  • Yaxşı şərab xörəyi, yaxşı xörək şərabı dadlandırar.
  • Qədim zamanlarda mal-qoyun ətinin və pendirin yanında yalnız qırmızı şərab, quş ətinin və balığın yanında ağ şərab verilərdi.

    Müasir mətbəx təcrübəsinə görə:
  • qatı xörəklə adi şərab, tünd şərabla sadə xörək;
  • ağ süfrə şərabı qəlyanaltı, yüngül ət və balıq xörəkləri ilə;
  • təbii ağ süfrə, kəmturş və kəmşirin şərabları tərəvəzli xörəklərlə;
  • qırmızı süfrə şərabı qoyun, mal və quş ətindən bişirilmiş xörəklərlə, xüsusən, kababla;
  • likör, desert şərablar və şirin şampanlar qənnadı məmulatları, meyvə, kofe və dondurma ilə

    YAXŞI TUTUR!

    YAYDA susuzluğu yatıran sərin AĞ SÜFRƏ, QIŞDA isə canı qızdıran QIRMIZI SÜFRƏ ŞƏRABI və ya TÜNDLÜYÜ ÇOX OLAN ÜZÜM ŞƏRABI içmək MƏSLƏHƏTDİR!

    Ağ kəmturş şərabı yüngülcə, 10-12 °Cdərəcəyədək soyudulanda daha dadlı olur. Qırmızı kəmturş şərabı isə, əksinə, bir az isitmək lazımdır. Belə şərablar otaq temperaturuna yaxın, yəni +18 +20 °C-də olmalıdır, yayda bunu +16 +18 °C-yə salmaq olar.

    Belə bir mülahizə geniş yayılıb ki, guya şampan şərabı buz kimi olmalıdır. Səhv mülahizədir! Çünki kəskin soyuqluq bu içkinin köpüklənməsinə mane olur. Yalnız +6 +7 °C temperaturda şampan özünün bütün ləzzətini büruzə verir.

    Yemək-içmək qaydalarına görə şərablar 3 növə bölünür:
    İştah açanlar - yeməkqabağı içilən aperitivlər: madera, heres, vermut.
    Xörək yeyilərkən içilənlər - süfrə şərabları.
    Yeməkdən sonra şirniyyatla içilən şərablar - desertlər.

    Evdə şərabı sərin yerdə, özü də şüşə qabda, üfiqi vəziyyətdə saxlamaq lazımdır.

    Çoxillik şərabın hər süfrədə yeri var. Belə şərablar, adətən, çöküntü verir və şüşənin dibində, yaxud divarında ərp əmələ gətirir. Əgər ərp yetərincə bərkiyibsə, şüşəni masaya ehmalca qoymaq lazımdır. Yox, əgər çöküntü asanca bulanırsa, şərabı başqa şüşəyə süzüb süfrəyə gətirmək yaxşı olar. Amma qonaqlara şərabın markası və hansı ilin məhsulundan olması barədə məlumat verilməlidir.

    Ağappaq süfrə örtüyü, canlı çiçəklər və büllur qədəhlər müxtəlif rəngi və rəng çaları olan şərablarla yaxşı uzlaşır. Bu zaman şərab masanın yaraşığına çevrilir və bayram ovqatı yaradır.

    Masada piyalə və qədəhlərin düzülüşü qaydaları ta qədimdən mövcuddur. Süfrəyə veriləcək içkilərin sayından və miqdarından asılı olaraq, nahar dəstinin önünə bir neçə qədəh qoyula bilər. İçki nə qədər tünd olarsa, süfrəyə qoyulan qədəh də bir o qədər kiçik olmalıdır.

    Qədəhlər boşqabın qarşısında, içkilərin süfrəyə verilməsi qaydasına uyğun olaraq, sağ tərəfdən başlayaraq düzxətli, ya da yarımdairəvi şəkildə düzülməlidir. Birinci - kiçik qədəh tünd içkilər üçündür. Sonra üzüm şərabları - madera, portveyn, heres üçün bir az böyük qədəh olur. Onun yanında mineral sular üçün bir neçə qədəh, daha sonra isə ağ və qırmızı şərablar və şampan şərabı üçün iri qədəhlər qoyulur.

    Əla növ şərablar süfrəyə öz firma şüşəsində qoyulur. Şüşənin qapağı çıxarılır ki, şərab bir az "hava alsın", öz səciyyəvi dadını-tamını versin. Təzə çəkilmiş şərabı süfrəyə bardaqda və ya şüşə qrafində qoymaq olar, bu zaman qab öz həcminin dörddə üçü qədər doldurulmalıdır ki, şərabı qədəhlərə süzmək asan olsun.

    Şampan şərabı süfrədə açılmalı və dərhal da qədəhlərə süzülməlidir. Şərab qədəhin tutumunun üçdə birindən az, yarısından çox olmamalıdır. Belə qədəhi əldə tutmaq və gəzdirmək daha asandır.

    Bayram süfrəsinə şərabların hansı ardıcıllıqla verilməsini də bilmək lazımdır: alkkoqolu az olan içkilər tünd içkilərdən əvvəl, əla firma şərabı adi şərabdan, ağ çaxır qırmızı çaxırdan sonra verilir.

    Şərabı sağ əllə, şüşənin etiket yapışdırılmış hissəsindən bərk tutaraq qədəhlərə süzmək lazımdır. Şüşə ehmalca əyilməlidir ki, içərsində ola biləcək çöküntü bulanmasın. Şüşənin ağzını qədəhə dayamaq olmaz.

    Həmişə yaxşı şərab içməyə çalışın! Qeyri-müəyyən tərkibi və rəngi olan içkiləri heç bir halda yaxına qoymayın!
  • © 2006-2010, Agro-Azerinvest LTD.
    All rights reserved.
    Təqdim olunan ticarət nişanları şirkətin mulkiyyэtidir
    Materialın surəti çıxarılması zamanı sayta ssılka edilməsi zəruridir
    adres: Bakı şəhəri, AZ 1072, K. Rəhimov, 3
    tel/faks: (+ 994 12) 465-55-95
    e-mail: office@vine.az