|
İtaliyalı mütəxəssis "Aqro-Azərinvest" MMC-nin fəaliyyətini yüksək qiymətləndirir
Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində "İteca Caspian" MMM və Böyük Britaniyanın İTE Group şirkətlərinin birgə təşkilatçılığı ilə "Vorldfood-2008" 14-cü Azərbaycan beynəlxalq qida sənayesi, "Agrihort" 2-ci Azərbaycan beynəlxalq kənd təsərrüfatı və "Seafood" 1-ci Xəzər beynəlxalq dəniz məhsulları və balıqçılıq sərgiləri keçirildi. Sərgidə 25 ölkənin 102 şirkəti iştirak etməklə öz məhsullarını təqdim edirdi. Azərbaycan şirkətlərinin də geniş təmsil olunduğu bu sərgidə "Aqro-Azərinvest" MMC-nin məhsulları da geniş çeşiddə nümayiş etdirildi. Təkcə bu sərgidə "Aqro-Azərinvest" MMC-nin məhsullarını görən və dequstasiyasını keçirən xarici mütəxəssislərin razılıq hissi respublikamızda üzümçülüyün son illərdə inkişaf etməsindən xəbər verir.
"Aqro-Azərinvest" MMC üzümçülük üzrə zəngin ənənələri olan xarici şirkətlərlə sıx əməkdaşlıq edir. Belə ki, "Maqaraç" Üzüm və Şərab Milli İnstitutunun (Ukrayna, Krım MR, Yalta şəhəri) mütəxəssisləri mütəmadi olaraq Azərbaycana gəlir və yeni salınmış üzümlüklərə düzgün qulluq etmək haqqında öz dəyərli məsləhətlərini verir və həm də özlərinin Yalta şəhərindəki laboratoriyasında Cəmiyyətin şərab məhsullarının analizlərini aparırlar. "Aqro-Azərinvest" MMC həm də Fransa və İtaliya şirkətləri ilə sıx əməkdaşlıq qurmuşdur. Müəssisənin partnyoru olan "GONTARD FRERES" şirkəti üzümçülük təsərrüfatlarını müxtəlif elit (Şardone, Merlot, Kaberne Sovinyon, Qrenaş Frank və s.) üzüm sortlarının tinglərilə təchiz edir. Fransanın məşhur “Muris Enologiya” laboratoriyası isə "Aqro-Azərinvest" MMC-nin mütəxəssisləri ilə əməkdaşlıq edərək, buraxılan məhsulların keyfiyyətinə laborator nəzarəti həyata keçirir.
Bu yaxınlarda «Ləl» şirkətinin direktoru A.Axundovun və yüksək keyfiyyətli üzüm sortlarının əkini və yetişdirilməsi ilə məşğul olan və müqavilə əsasında yetişdirilmiş məhsulunu yalnız «Aqro-Azərinvest» MMC-yə satmağı planlaşdıran "Aspi-Aqro Ltd."-nin rəhbərliyinin dəvətilə İtaliyanın Vivai Cooperativi Rauscedo (VCR) şirkətinin direktoru cənab Eugenio Sartori Azərbaycana gəlmişdir. İtaliyanın VCR şirkəti müxtəlif sort üzüm tinglərinin əkilməsi və becərilməsi ilə dünyada məşhurdur. İldə 60 milyondan çox üzümlüklərin istehsalını həyata keçirən "VCR" şirkəti yetişdirdiyi üzüm tinglərini İspaniya, ABŞ, Yunanıstan, Moldova, Ukrayna və s. MDB ölkələrinə və hətta Fransaya da ixrac edir. Şirkətin direktoru Eugenio Sartori 40 ildən artıqdır ki, üzüm əkini və yetişdirilməsi ilə məşğul olur. Azərbaycana dəvət olunmuş təcrübəli mütəxəssis "Aspi-Aqro Ltd." və "Aqro-Azərinvest" MMC-nin üzümlükləri ilə yaxından tanış olmuşdur. Samux, Göygöl, Qəbələ və s. rayonlarda üzüm plantasiyalarını gəzən E.Sartori yerli mütəxəssislərlə, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının alimləri ilə müzakirələr aparmış və dünya üzümçülüyünün yeni texnoloji nailiyyətləri barədə fikirlərini bölüşmüşdür.
Təcrübəli mütəxəssisin fikri belədir ki, "Aqro-Azərinvest" MMC-nin Qəbələ, Göygöl, Samux, Yevlax, Tovuz, Lənkəran rayonlarındakı üzüm plantasiyalarında görülmüş işlər bu bölgələrin təbiətinə, iqliminə və relyefinə münasibdir. Göygöl rayonunda olarkən kiçik bir sahədə eksperimental qaydada damcılı suvarma tətbiq edilmiş təsərrüfatla tanışlıq zamanı E.Sartori dünya üzümçülüyündə artıq özünü doğrultmuş damcılı suvarma üsulunun geniş miqyasda tətbiq olunmasının məqsədəuyğunluğunu qeyd etmişdir:
"Əsas odur ki, "Aqro-Azərinvest" MMC üzüm əkini və yetişdirilməsində müasir dövrdə dünya təcrübəsində özünü doğrultmuş üsullardan istifadə edir. Sahələrdə əsas işlər düzgün aparılır. Həm xarici, həm də yerli sortlar çox yaxşı əkilib, aqrotexniki qulluq normal səviyyədədir. Üzüm yetişdirilməsi uzun müddət və böyük zəhmət tələb edən sahədir, lakin görülən işlər deməyə əsas verir ki, "Aqro-Azərinvest" MMC düzgün istiqamət götürmüşdür". İtaliyalı mütəxəssis hesab edir ki, sürətlə inkişaf edən cəmiyyətlərdə, texnoloji proseslərlə yanaşı, aqrotexniki qulluq metodları da dəyişir. Daim axtarışda olan üzümçülər, ən yeni nailiyyətlərdən istifadə etməlidirlər. "VCR" şirkəti 70 il ərzində bu sahədə qazandığı təcrübəni Azərbaycanlı mütəxəssislərlə bölüşməyə hazırdır.
"VCR" şirkəti ilə əldə olunan razılığa əsasən, azərbaycanlı mütəxəssislərin, aqronomların İtaliyaya gedərək, Alp dağları yamaclarında, oxşar iqlim və relyef şəraitində üzüm tinglərinin və plantasiyalarının salınması prosesləri ilə tanış olmaları nəzərdə tutulur. Hər iki şirkətin mütəxəssisləri əmindirlər ki, yaxın illərdə bu əməkdaşlığın bəhrəsi özünü doğruldacaqdır.

|
|